Tarixdə iz qoymuş qadınlarımız…

Oxuma müddəti: 7 dəqiqə|Tarix: 7 Mart 2019

Yaşadığımız mühitdə artıq tez-tez eşidirik ki, qadın mühəndisdir, proqramçıdır və ya pilotdur. Bu çox sevindirici haldır ki, artıq qadınların çoxu “çətin peşələrin” öhdəsindən gəlir. Tarix boyu maraqlı və çətin peşə sahibləri qadınlara rast gəlmək olar. Amma indi tez-tez rast gəlinən bu hallara bir neçə il bundan qabaq o qədər çox rastlanmırdı.

İlk qadın pilot

Leyla Məmmədbəyova Qafqazda, Cənubi Avropa və Yaxın Şərqdə ilk pilot qadındır. 1909-cü ildə Bakıda anadan olan Leyla xanım elə ilk təhsilini də Bakıda almışdır. Bakı aeroklubunda təhsil aldıqdan sonra 1931-ci ildə ilk uçuşunu həyata keçirir. 1932-ci ildən Moskvada təhsilini davam etdirən Leyla xanım 1933-cü ildə Moskvada U-2 tipli təyyarədən paraşütlə tullanaraq Sovet İttifaqında ikinci qadın paraşütçü (ilk Nina Kamneva) olmuşdur. O, Cənubi Qafqaz regionunda paraşütçülər arasındakı yarışda birinci olmuş və 1941-ci ildə isə aviasiya mayoru təyin edilmişdir. II Dünya Müharibəsində iştirakına imtina edilən Leyla xanım aeroklubun bağlanmasına baxmayaraq paraşütçü və dessantçı hazırlamağa davam etmişdir. 1949-cu ildə isə o, son uçuşunu edərək pilotluq fəaliyyətini bitirmişdir. Daha sonralar “Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinin” (OADKYC) sədr müavini işləyən Leyla xanım 1961-ci ildə təqaüdə çıxmışdır. 1989-cu ildə isə Bakıda vəfat etmişdir. 1934-cü ildə çəkilmiş “İsmət” tammetrajlı bədii filmi Leyla xanım Məmmədbəyovaya həsr edilmişdir.

İlk sərnişin gəmi kapitanı

Zərifə Ləzgizadə Azərbaycanda uzaq məsafələrə üzən sərnişin gəmisində ilk qadın kapitan olur. 1924-cü ildə Füzuli rayonunda dünyaya gələn Zərifə xanım ailəsinin Bakıya köçməsi ilə təhsilini elə Bakıda alır. Məktəb illərində müəlliminin onları Bakı gəmiçilik məktəbinə ekskursiyaya aparması zamanı böyük gəmiləri görən Zərifə xanım gəmiçi olmaq üçün Bakı Dəniz texnikumuna müraciət edir və 1940-cı ildə buranı bitirir. 1941-ci ildən Bakı Bağırov teploxodunda şturman kimi çalışır. Daha sonra o, Bakı-Qazaxıstan, Bakı-Mahaçqala istiqamətində üzən sərnişin gəmisində kapitan kimi çalışır. Müharibə zamanı fəaliyyət göstərmək çox çətin olduğundan ailəsinin istəyi ilə peşəsini dəyişmək üçün öncə Leninqrad Mühəndislər İnstitutunda, sonra isə Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alır. Daha sonra ali təhsilini Azərbaycan Dövlət Darülfünununda davam etdirdikdən sonra Zərifə xanım uzun illər müstəntiq kimi fəaliyyət göstərmişdir. Hal-hazırda təqaüddədir və Bakıda yaşayır.

Maarifçi və xeyriyyəçi

Həmidə xanım Cavanşir Azərbaycanın ilk maarifçi xanımlarından biridir. O, həm də tərcüməçilik, xeyriyyəçiliklə yanaşı Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Həmidə xanım 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində maarifçi və tarixçi Əhməd bəy Cavanşirin evində dünyaya gəlmişdir. Ailə məktəbində təhsil almış, yeniyetmə vaxtlarından rus dilini mükəmməl mənimsəmişdir. İlk həyat yoldaşı İbrahim bəy Davatdarovun və atasının vəfatından sonra atasının mülkünü idarə edir. 1905-ci ildə Tiflisdə Mirzə Cəlil Məmmədquluzadə ilə tanış olur və 2 il sonra onunla ailə həyatı qurur. “Molla Nəsrəddin” jurnalının çap edilməsində illərlə Həmidə xanımın həm maddi, həm də mənəvi dayağı olmuşdur. Həmidə xanımın xeyriyyəçiliyi dillər əzbəri idi. Dahi bəstəkarımız Üzeyir Hacıbəyov Həmidə xanıma həsr etdiyi məqaləsini “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər qadın oldu ki, şairin səhhəti üçün, milyonçu kişilərin olmasına baxmayaraq, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi” sözləri ilə bitirir.

Həmidə xanım Tiflisdəki “Müqəddəs Nina” məktəbində Azərbaycan dili müəlliminin olmadığını görüb ora bir müəllim tapır və maaşını öz hesabından ödəyir, 1909–1912-ci illərdə isə Kəhrizlidə öz hesabına toxuculuq emalatxanası, tibb məntəqəsi, məktəb açdırıb və özü də bu məktəbdə dərs deyib. Həmidə xanımın xeyriyyəçiliyi ömrünün sonuna kimi davam etmişdir. 1955-ci ildə vəfat etmiş və Fəxri Xiyabanda Mirzə Cəlilin yanında dəfn edilmişdir.

İlk qadın oftalmoloq

Sona xanım Vəlixan tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş ilk azərbaycanlı qadın oftalmoloqdur. O, 1883-cü ildə Qazax rayonunda doğulub. Peterburq Tibb Universitetini 1908-ci ildə bitirən Sona xanım Azərbaycanda ilk ali təhsilli həkim olmuşdur. Sona xanım 60-dan çox elmi əsərin, 2 monoqrafiyanın müəllifidir. Onun elmi işləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunmuşdur. 1923–1939-cu illərdə Sona xanım Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə Sona xanım Azərbaycan Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. 1945–1950-ci illərdə o, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri olmuşdur.

Professor Sona xanım Vəlixan Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur. O, 1982-cü ildə isə Bakıda vəfat etmişdir.

Güllələnən pianoçu

Xədicə xanım Qayıbova 1893-cü ildə Tiflis şəhərində doğulmuşdur. Atası Osman bəy Müftizadənin böyük səyləri nəticəsində “Müqəddəs Nina” məktəbində orta məktəb təhsili ilə yanaşı mükəmməl fortepiano təhsili də almışdı. 18 yaşında Qori müəllimlər seminariyasında Azərbaycan bölməsinin açılmasında təşəbbüskar olan Hüseyn Əfəndi Qayıbovun oğlu ilə ailə həyatı qurur və bir neçə il sonra Bakıya köçən Xədicə xanım Azərbaycan Xalq Təhsil Kommissarlığında Şərq musiqisi şöbəsinə rəhbər təyin edilir. Xorlar, kurslar təşkil etməklə yanaşı Azərbaycan və Sovet bəstəkarları ilə əlaqə yaradaraq Azərbaycan Folklorunun toplanmasında böyük rol oynayır.

1927–1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq təhsili alan Xədicə xanım 1933-cü ildə həbs edilir. Yetərli dəlil olmadığından buraxıldıqdan sonra o, Konservatoriyanın tədqiqat heyətinə daxil olaraq Azərbaycanın musiqi mirasını araşdırır. Ancaq 1938-ci ilin mart ayında cəsusluqla ittiham olunaraq həbs edilir, dəlillər olmasa da oktyabr ayında əmlakı müsadirə edilməklə güllələnir. Maarifçi fəaliyyətinə görə Üzeyir Hacıbəyov, Hacı Zeynəlabdin Tağıyev Xədicə xanımı çox sevərlərmiş. Onun təhsilə, xüsusilə qadınların oxumasına verdiyi dəyər 1927-ci ildəki məşhur çıxışından — “Qadın istərsə, başarar, nail olar. Tək gərək savad və maarif üçün çalışmaqdır. Mən vətənimin qızlarına sonsuz etimad edirəm”- anlaşılır. Ölümündən 18 il sonra Xədicə xanımın bəraəti haqqında qərar qəbul edilir.

Bu gün dünyanın bir çox ölkələri qadınlar gününü qeyd edir. Azərbaycanda bu bayram 1919-cu ildən qeyd edilməyə başlamışdır. Adını çəkmədiyimiz minlərlə Azərbaycan qadını təhsil üçün illərlə savaşmışdır. İndi həkim, mühəndis, proqramçı, kosmonavt və s. qadın mütəxəssislər görürük. Hələ 60–70 il öncə bu, o qədər də asan deyildi. Bütün bunları nəzərə alaraq onların zəhmətlərini yerdə qoymayan, özünün, yaxınlarının və ya övladlarının maarifçi, yaxşı mütəxəssis kimi yetişməsində rolu olan bütün qadınların bayramı mübarək olsun!

Şərhlərinizi paylaşın