Hər il dünyanın müxtəlif ölkələrində Kompüter Elmləri Təhsili Həftəsi (Computer Science Education Week — CSEdWeek) qeyd olunur. 2025-ci ildə bu həftə 8–14 dekabr tarixlərinə təsadüf edir. CSEdWeek-in məqsədi məktəbliləri kompüter elmlərini öyrənməyə həvəsləndirmək və təhsildə bu sahəyə marağı təşviq etməkdir. Bu həftə ərzində dünyanın hər bir guşəsində minlərlə məktəb, müəllim və təşkilat kompüter elmlərini populyarlaşdırmaq üçün müxtəlif seminarlar, yarışlar və digər formada müxtəlif tədbirlər təşkil edir.
Bu qlobal tədbirlərin ən məşhurlarından biri uzun illərdir Hour of Code olmuşdur. Təzəlikcə bu təşəbbüs Hour of AI (Süni İntellekt Saatı) adı altında təqdim olunur.
Kod saatının qısa tarixçəsi
“Kod Saatı”nın əsas fəlsəfəsi proqramlaşdırmanın qavranılmasını sadələşdirmək, stereotipləri aradan qaldırmaq və kompüter elmlərinə giriş baryerini minimuma endirməkdir. Proqram iştirakçılardan hər hansı texniki bilik tələb etmir və cinsindən, sosial statusundan və coğrafiyadan asılı olmayaraq hər kəs üçün nəzərdə tutulub. İnteraktiv tapşırıqlar və oyun mövzulu modullar vasitəsilə informatikaya girişi daha maraqlı edir. Bununla da qısa müddətdə kodlaşdırmanın məntiqini göstərərək maraq və özünəinam formalaşdırır.
“Kod Saatı” əvvəlcə öz code.org platformasında blok əsaslı proqramlaşdırma, vizual simulyasiyalar, addım-addım alqoritmik düşünmə məsələləri, real problemlərin sadələşdirilmiş modelləri tipli tapşırıqlardan istifadə olunaraq biliklərin aktiv fəaliyyət vasitəsilə öyrənilməsinə dəstək göstərməyə başlamışdır. Daha sonra Khan Academy, Tynker və bir sıra platformalar da bu hərəkata qoşularaq öz platformalarında müxtəlif faəliyyətlər təqdim etdilər. Bəzi ölkələrdə dövlət səviyyəsində müsabiqələr və tədbirlər keçirilməyə başladı.
Bu təşəbbüsə dünya nəhəngləri olan “Amazon”, “Google”, “Microsoft”, kimi şirkətlər də dəstək verirlər. Əvvəlki illərdə keçmiş ABŞ prezidenti Barak Obama, basketbolçu Chris Bosh, Microsoft şirkətinin qurucusu Bill Qeyts və digər məşhur şəxslər də öz dəstəklərini əsirgəməyiblər. Bu şəxslərin bir hissəsi hətta fərqli videodərslərdə bir sıra proqramlaşdırma konsepsiyalarını izah edirdirdilər. Həmin videonun alt-yazılarını Azərbaycan ACM Bölməsi dilimizə tərcümə etmişdir.
Azərbaycan ACM Bölməsinin təşəbbüsü ilə bir sıra könüllü code.org saytında xeyli sayda dərslikləri də dilimizə tərcümə edərək bu dərslikləri şagirdlərimizə əlçatan etmişdir. Hər il ölkəmizdə minlərlə şagird həmin dərsliklərdən yararlanır və Kod Saatını qeyd edir.
İndiyədək “Kod saatı” proqramında 92 milyon tələbə, 2 milyon valideyn, 1 milyondan çox müəllim iştirak etmişdir. İştirak etmək çox sadədir, bunun üçün https://hourofcode.com/ saytına daxil olub oradakı tapşırıqları həll etmək lazımdır.
“Süni İntellekt Saatı” nədir?
Süni İntellekt SaatıHour of AI, CSforALL tərəfindən hazırlanan qlobal bir təşəbbüsdür və məqsədi bütün yaş qruplarını – xüsusən məktəbliləri, müəllimləri və ailələri – süni intellektin əsas prinsipləri ilə tanış etməkdir. Bu proqram AI texnologiyalarını sadə, təhlükəsiz və məktəblər üçün əlçatan şəkildə izah edir. Hour of AI uşaqlara və yeniyetmələrə süni intellektin necə işlədiyini, gündəlik həyatda hansı problemləri həll etdiyini və məsuliyyətli istifadənin niyə vacib olduğunu göstərir.
Bu təşəbbüs süni intellekti yalnız kodlaşdırma kimi deyil, həm də düşünmə, düzgün sual vermə, məlumatlarla işləmə və yaradıcı problemlərin həlli bacarıqlarını inkişaf etdirən bir vasitə kimi təqdim edir. Hour of AI həm informatika müəllimləri, həm də bu sahədə təcrübəsi olmayan pedaqoqlar üçün uyğunlaşdırılıb; yəni hər kəs rahatlıqla öyrədə və öyrənə bilər.
"Süni İntellekt Saatı" da “Kod Saatı” kimi bir saat ərzində proqramlaşdırma və süni intellekt anlayışlarını sadə, oyunlaşdırılmış və interaktiv tapşırıqlar vasitəsilə öyrədən qlobal təhsil hərəkatıdır.
Necə iştirak etmək olar?
Hour of AI-də iştirak etmək çox sadədir və tamamilə pulsuzdur. İstənilən şəxs — şagird, valideyn, müəllim və ya məktəb — bu təşəbbüsə qoşula bilər.
Fərdi iştirak üçün şagirdlər https://csforall.org/activities/hour-of-ai səhifəsinə keçərək müxtəlif tapşırıqları yerinə yetirməklə süni intellektin müxtəlif sahələrini öyrənə bilərlər.
Müəllimlər isə Süni İntellekt saatını daha maraqlı etmək üçün tədbir təşkil edə bilər və bu tədbiri https://csforall.org/en-US/hour-of-ai/how-to/global səhifəsində qeydiyyata sala bilər. Beləliklə həmin müəllimin tədbiri haqda bütün dünya məlumat əldə edəcək. Əslində bu tədbirlərin formal olması vacib deyil. Müəllimləri tədbiri istədikləri formada da keçirə bilərlər.
Həmçin şirkətlər və dövlət qurumları da Süni İntellekt saatına tərəfdaş kimi qoşulub töhvə verə bilərlər.
Yekun
Biz ÖzünÖyrən platforması olaraq “Kompüter Elmləri Həftəsi” və “Süni İntellekt Saatı” barədə oxucularımızı məlumatlandırmaq üçün bu məqaləni hazırladıq və bu qlobal hərəkatın bir parçası olmaqdan məmnunuq.
Fürsətdən istifadə edərək sizi https://learn.ozunoyren.com/courses səhifəsindəki aşağıdakı proqramlaşdırma kursları ilə tanış olmağa dəvət edirik:
- AppInventor ilə Android proqramlaşdırma
- AppInventor ilə iOS proqramlaşdırma
- Python-da ilk addımlar
- HTML və CSS ilə veb proqramlaşdırmaya giriş
- “Bebras” müsabiqəsində koordinatorluq
- Data Strukturları və Alqoritmlər (Python)
Bu kurslar həm şagirdlər, həm də müəllimlər üçün kompüter elmlərinə başlamaq və özünü inkişaf etdirmək üçün əla fürsətdir.
Məqalədə istifadə edilən şəkil https://csforall.org/en-US/hour-of-ai/resources#posters səhifəsindən əldə edilmişdir.
