Yüz illər keçdikcə, informasiya emalının bürokratik metodları daha mürəkkəbləşdi və insanların təbii düşüncə tərzindən çox fərqli oldu. Eramızın doqquzuncu yüz ilində atılmış mühüm bir addımla, riyazi məlumatların misilsiz dərəcədə effektli şəkildə saxlanmasını və emal olunmasını təmin edən natamam bir yazı növü icad edildi. Bu natamam yazı 0-dan 9-a qədər olan rəqəmləri təmsil edən 10 işarədən ibarət idi. Bu işarələr ərəb rəqəmləri kimi tanınsa da, əslində hindlilər tərəfindən icad edilmişdi (üstəlik daha mürəkkəb şəkildə; müasir ərəblər qərblilərinkindən çox fərqli görünən rəqəmlərdən istifadə edirlər). Hər halda ərəbləri bu məsələdə təqdir etmək lazımdır, çünki Hindistanı işğal edib bu sistemlə qarşılaşdıqda, onun çox faydalı va dəqiq olduğunu anlamış, daha da təkmilləşdirib Yaxın Şərqə, sonra da Avropaya yaymışdılar. Ərəb rəqəmlərinə bir çox başqa işarələr əlavə edildikdə (toplama, çıxma və vurma işarələri), müasir riyazi dilin təməli ortaya çıxır.
Bu yazı sistemi natamam bir sistem olsa da, dünyanın ən hökmran dilidir. Demək olar ki, bütün ölkələr, şirkətlər, təşkilatlar və müəssisələr hansı dildə danışırlarsa danışsınlar (istər ərəb, istər hindi, istər norveç və ya ingilis dili olsun), informasiyanı saxlamaq və emal etmək üçün riyazi yazıdan istifadə edirlər. Riyazi mətnə köçürülə bilən hər bir informasiya parçası başgicəlləndiricí sürətlə və effektliklə saxlanıla, yayıla və emal oluna bilir.
Hökumətlərin, təşkilatların və şirkətlərin qərarlarına təsir etmək istəyən şəxs mütləq rəqəmlərin dilində danışmağı öyrənməlidir. Bu dilin mütəxəssisləri hətta "yoxsulluq", "xoşbəxtlik" və "düzgünlük" kimi anlayışları da rəqəmlərə çevirmək üçün əllərindən gələni edirlər ("yoxsulluq həddi", "fərdi xoşbəxtlik səviyyəsi", "kredit reytinqi"). Fizika və mühəndislik kimi elm sahələri isə, demək olar ki, normal insan dili ilə bütün əlaqələrini kəsərək, tamamilə riyazi yazıya keçiblər.
Daha sonra isə riyazi mətn inqilab sayılacaq daha bir yaz sistemini ortaya çxartdı: iki işarədən ibarət, kompüterləşdirilmiş ikili yazı sistemi: 0 və 1. Bu an klaviaturamda yazdığım sözlər kompüterimə 0 və 1-in müxtəlif kombinasiyaları kimi qeyd edilir.
İnsan şüurunun xidmətçisi kimi meydana gəlmiş yazı tədricən insanın sahibinə çevrilir. Kompüterlərimiz insanın necə danışdığını, hiss etdiyini və xəyal qurduğunu anlaya bilmədiyindən, biz də kompüterlər üçün anlaşılan olsun deyə, insana rəqəmlərin dilində danışmağı, hiss etməyi və xəyal qurmağı öyrədirik.
Üstəlik bununla da kifayətlənmirik. Kompüterlərin ikili say sistemi əsasında yeni bir süni zəka yaratmağa çalışırıq. Matrix və Terminator kimi elmi-fantastik filmlərdə ikili yazı sisteminin bəşəriyyətin boyunduruğundan xilas olub, azadıq əldə etdiyi bir gələcəkdən bəhs edirik. İnsanlar üsyankar yazı növünə nəzarəti təkrar ələ keçirməyə çalışdıqda, o da insan növünü məhv etməyə çalışır.
