“Əkinçimiz” Zərdabi

Oxuma müddəti: 7 dəqiqə|Tarix: 28 Mart 2019

Həsən bəy Vəkilov 1837-ci ildə (bəzi mənbələrdə 1842) Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk təhsilini elə doğma kəndindəki mədrəsədə alan Həsən bəy burada ərəb və fars dillərini öyrənmiş, 1852-ci ildə isə Şamaxıda fəaliyyət göstərən rus dilində təhsil verən dünyəvi məktəbə yazılmışdır. O, öz biliyi ilə buraxılış imtahanı zamanı orada iştirak edən Qafqaz Təhsil Kommissiyasının müdiri baron Nikolayın diqqətini çəkmiş və Tiflisdə dövlət hesabına oxumaq üçün şans qazanmışdır. Atasının vəfatı ilə ailəsindəki çətinliklərə, qardaşlarının tərəddüdünə baxmayaraq Tiflisdəki qohumlarının dəstəyi ilə Tiflisə getmişdir. 1858-ci ildə I Tiflis məktəbininin V sinfinə qəbul olan Həsən bəy 1861-ci ildə həmin məktəbi bitirərək dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir.

Universiteti bitirdikdən sonra Zərdabi Tiflis Torpaq İdarəsində çalışmağa başlayır, 1868-ci ildə isə o, Qubada məhkəmə katibi kimi, daha sonralar isə müstəqil məhkəmə vəkili kimi fəaliyyət göstərir. Onun maarifçilik, xalqın savadlanması uğrunda mübarizəsi 1869-cu ildə Bakıdakı məktəblərin birində təbiət elmləri üzrə müəllim işləməklə başlayır. Lakin Zərdabinin Bakıda fəaliyyət göstərən on gimnaziyada fəaliyyət göstərən müəllimlər arasında ali təhsilli yeganə müəllim olması məsələni qəlizləşdirirdi. Məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin azlığını görən Həsən bəy xalq içində təbliğat aparmağı öz qarşısına qoyur. Bu səbəblə də o, 1872-ci ildə “Cəmiyyəti-xeyriyyə”-ni yaradır, həmin ilin yayını gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov (yazıçı və dramaturq) və Əsgərağa Gorani (yazıçı, teatrşünas, jurnalist, tərcüməçi) ilə birlikdə regionları gəzərək bu cəmiyyət üçün üzv yığmaqla məşğul olurlar.

Yoxsul və kimsəsiz uşaqların təhsil, tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün türk qadın müəllimlərə ehtiyac duyulduğundan Zərdabi, Tiflisdəki Müqəddəs Nina məktəbinin məzunlarının müəllim kimi fəaliyyət göstərməsini “Qafqaz” qəzeti vasitəsilə təbliğ edir. Həyat yoldaşı Hənifə xanım Abayeva (balkar türkü) ilə də bu məqsəd uğrunda atılmış addımların birində tanış olur. Hənifə xanım da Müqəddəs Nina məktəbinin məzunu idi və Zərdabinin fikirlərini dəstəkləyən Hənifə xanım 1872-ci ildə Həsən bəy ilə ailə qurmağa razılığını bildirirək Bakıya köçür.

Həsən bəy Zərdabi həm də Azərbaycan peşəkar teatrının yaradıcılarından biridir. Onun rəhbərliyi, Nəcəf bəy Vəzirov və Əsgərağa Goraninin fəal iştirakı ilə 1873-ci ildə Mirzə Fətəli Axundovun “Hacı Qara” və “Lənkərani Vəziri xan” komediyaları tamaşaya qoyulur.

Həsən bəy, Hənifə xanım və qızları Pəri. Mənbə https://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_b%C9%99y_Z%C9%99rdabiHəsən bəy, Hənifə xanım və qızları Pəri. Mənbə https://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_b%C9%99y_Z%C9%99rdabi

Xalqın tərəqqi və xoşbəxtliyini təhsildə və elmdə görən Zərdabi 1896-cı ilin əvvəllərində Bakı qubernatoruna müsəlman qızlar üçün rus-müsəlman məktəbinin açılması üçün müraciət edir. Onun xahişi razılıqla qarşılansa da, o, bu məktəb üçün vəsait tapa bilmir. Amma Tağıyevin müraciəti və vəsaiti ilə açılan Aleksandra imperator rus-müsəlman məktəbinin açılmasına böyük dəstək vermişdir.

Zərdabi müəllimlik etməklə dəstək verdiyi xalqa daha çox xidmət etməyin yollarını axtarır və buna görə də “Həyat” qəzetində yazdığı məqalədə türk dilində qəzet açmağın maarifləndirmə uğrunda önəmli olduğunu bildirir:

“Bizim Cəmiyyəti-i Xeyriyyə bina tutmadığından teatr təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı bir yerə toplayıb məktəblər açdıraraq küçədəki uşaqları oxutmaq mümkün deyildir. Elmsiz bu dövrdə yaşamaq mümkün deyildir. Nə etməli? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır.”

“Əkinçi” qəzetinin Azərbaycan Tarix muzeyində saxlanılan ilk nəşri. Mənbə: https://az.wikipedia.org/wiki/%C6%8Fkin%C3%A7i_(q%C9%99zet)“Əkinçi” qəzetinin Azərbaycan Tarix muzeyində saxlanılan ilk nəşri. Mənbə: https://az.wikipedia.org/wiki/%C6%8Fkin%C3%A7i_(q%C9%99zet)

Zərdabinin ana dilində qəzet çapı üçün müraciətinə yalnız Bakı valisi Staroselskinin senzura məsələsini öz üzərinə götürdükdən sonra müsbət cavab verilir. Bunun üçün Zərdabi İstanbuldan hürufat dəsti (hərflər, əlifba) gətizdirmiş və nəhayət 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində ilk ana dilli “Əkinçi” qəzeti çap edilmişdir. Bununla da Həsən bəy Azərbaycan milli mətbuatının əsasını qoymuşdur. Hal-hazırda Azərbaycanda 22 iyul Milli Mətbuat günü kimi qeyd olunur.

Qəzet, hər nömrəsi 300–400 tirajla olmaqla ayda iki dəfə çap edilmişdir. Qəzetdə Nəcəf bəy Vəzirovun, Əsgərağa Goraninin, Mirzə Fətəli Axundovun, Seyid Əzim Şirvani və başqalarının məqalələri çap edilmişdir. Qəzetdə çap edilən məqalələrdə xalqın maarifpərvərliyə, elmə, azadlığa səslənməsi imperiya məmurlarını narahat edir və “Əkinçinin” üzərinə hücuma keçirlər. Təəssüf ki, 1877-ci il sentyabrın 29-da qəzet nəşrini dayandırır. Çap edilmiş 56 nüsxəsi ilə qəzet Azərbaycan mətbuatında, maarifçiliyində xüsusi yer tutmuşdur.

Azərbaycan Milli Ensiklopediya Mərkəzinin önündəki Zərdabi heykəli. Mənbə: https://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_b%C9%99y_Z%C9%99rdabiAzərbaycan Milli Ensiklopediya Mərkəzinin önündəki Zərdabi heykəli. Mənbə: https://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_b%C9%99y_Z%C9%99rdabi

Zərdabinin fəaliyyəti bununla da bitmir. O, 1880-ci ildən öz doğma kəndinə köçür. Orada kənd təsərrüfatı ilə məşğul olan kəndlilərə öz məsləhətləri ilə yardım edir. 1880–1890-cı illərdə Həsən bəy “Kaspi” “Ziya”, “Kəşkül” qəzetləri üçün məqalələr yazmışdır. Bundan əlavə Həsən bəy Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışmış və 1906-cı ildə Bakıda keçirilən müəllimlər qurultayında fəal iştirak etmişdir. Zərdabi keçirdiyi iflicdən dilinin tutulmasına baxmayaraq ölümünə qədər “Kaspi” qəzetində vəzifəsini davam etdirir.

1907-ci ildə Həsən bəy Zərdabi vəfat etmiş və Bibiheybət məscidinin yaxınlığında dəfn edilmişdir. 1937-ci ildə ərazinin dağıdılması ilə sümükləri ailəsi tərəfindən saxlanılır və yalnız Zərdabinin ölümünün 50-ci ilində, 1957-ci ildə Fəxri Xiyabanda, həyat yoldaşı Hənifə xanım Vəkilova ilə birgə dəfn edilir.

Şərhlərinizi paylaşın