Uşaqlara proqramlaşdırma öyrənmək vacibdirmi?

Oxuma müddəti: 4 dəqiqə|Tarix: 20 Fevral 2019

Gün keçdikcə ağıllı elektron alətlər həyatımızda daha geniş yer tutur. Bu cür texnoloji qurğular xüsusilə də övladlarımızın fikrini daha çox cəlb edir. Lakin valideynlər övladlarının bu avadanlıqlarla çox zaman keçirdiklərindən narahatlıq duyurlar ki, bu da təbiidir. Bəzi valideynlər avadanlıqların gözə ziyanlı olduğundan, digərləri isə uşaqların diqqətinin dərslərdən ayrıldığından narahatdırlar. Bu halda proqramlaşdırma öyrənmək ən yaxşı üsuldur, eyni vaxtda həm valideynlərin, həm də uşaqların istəyi yerinə yetmiş olur. Cəmiyyətdə belə fikir də var ki, proqramlaşdırma öyrənmək yalnız proqramçılar üçün lazımdır. Bu heç də belə deyil. Bəs uşaqların proqramlaşdırma öyrənməsi nəyə lazımdır?

Riyazi biliklərin reallığa tətbiqi

Uşaqlar üçün riyaziyyat çətinliklər yarada bilər. Bir çox uşaqlar öyrəndiklərinin nəticəsini görmək istəyirlər. Uşaqlardan tez-tez eşidirik ki, “axı bunu harda istifadə edəcəyik”. Proqramlaşdırma isə uşaqlar üçün mücərrəd ideyalarını reallığa dönüşdürmək üçün çox gözəl bir vasitədir. Riyaziyyatla bərabər proqramlaşdırma da artıq həyatımızın böyük bir parçasıdır. Nəzərə alın ki, həyatımız boyu biz hər plan qurduğumuzda proqramlaşdırma aparırıq, fərq sadəcə bunu necə etməyimizlə bağlıdır. Məsələn: bir tətil planı və s.

Problemlərə qısa və sadə həll tapmaq bacarığı

Uşaqların zaman anlayışı olmadığı üçün onların daha tez, daha qısa yol tapmaq kimi anlayışları yalnız gözlə görüldükdə hiss edilə bilər. Proqramlaşdırma vasitəsilə onlar nəticəni daha qısa yolla necə əldə etməyi öyrənirlər. Aydındır ki, proqramlaşdırma öyrənən hər kəs proqramçı olmayacaqdır. Amma proqramlaşdırma zamanı yaranmış səhvlərin aradan qaldırılması, səhvləri tapıb düzəltmək kimi vərdişlər gələcəkdə övladınıza təkcə professional həyatda deyil, həm də öz şəxsi həyatında da köməyinə çatacaqdır.

Fərdi inkişaf və sərbəst araşdırma bacarığı

Proqramlaşdırmanın indi bir çox sahələrə tətbiqini unutmaq olmaz. Qazanılan biliklər övladınızın hansı sahəni seçməsindən asılı olmayaraq ona lazım olacaqdır. Bu sahə istər tibb olsun, istər kənd təsərrüfatı. Siz proqramlaşdırma öyrənməyə şərait yaratmaqla uşağınızın gələcəyinə böyük yatırım etmiş olacaqsınız.

Xətaları dərk etmə

Proqramlaşdırma dəqiqlik tələb etdiyindən xırda bir səhv belə işləmə prosesinə mane olur. Buna görə də poqramlaşdırma ilə məşğul olan uşaqlar öz səhvlərini tapmağı, onları həll etməyi, lazımdısa addım-addım dəyişməyi, hər şeyi yenidən başlamağı öyrənirlər. Bu qızıl açardan onları məhrum etməyin.

Yeniliklərlə dostlaşmaq

Texnologiya dövründə hamı bilir ki, hər hansı proqram vasitəsi yüklədikdən bir müddət sonra onun yeni versiyası çıxır. Bunu proqramçılara borcluyuq. Uşaqlarınız proqramlaşdırma öyrənməklə daima yeni biliklər qazanmaq, onları tətbiq etməkdən qorxmayacaqlar. Məhz bunun sayəsində uşaqlarınız da bu cür yeniliklər edəcəklər.

Xəyalpərəstlikdən reallığa

Oynadığımız bütün oyunlar, istifadə etdiyimiz digər bütün tətbiqlər proqramlaşdırma olmasa olmaz. Proqramlaşdırma sayəsində övladınız xəyal etdiyi mücərrəd fikirlərini reallığa çevirəcəkdir. Bununla uşaqlar öz ideyalarını müstəqil şəkildə gerçəkləşdirməyə vərdiş edəcəklər.

Məntiqli düşünmə qabiliyyəti

Proqramlaşdırma öyrənmək övladınızın məntiqinin daha dərin inkişaf etməsinə vəq oyulan məsələlərin həlli üçün məntiqi, ardıcıl və qısa həllər tapmasına yardımçı olacaqdır.

Proqramlaşdırma öyrənməklə övladınız nəinki işi başlayanda bitirməyi, hətta ağlındakı ideaları gerçəkləşdirməyi, daima özünü inkişaf üçün yeni mənbələr axtarışında olacaqdır. Unutmaq lazım deyil ki, gələcəkdəki peşə seçimindən asılı olmayaraq proqramlaşdırma bilmək övladınızı bir çoxlarından öndə edəcəkdir. Nəzərə alın ki, yaşadığımız dövrün ən çox ehtiyac duyulan və sərbəst peşələrindən biri proqramlaşdırmadır.

Peşakarlara görə proqramlaşdırma öyrənmək yeni dil öyrənmək kimidir. Nə qədər tez başlasanız uşaq bir o qədər çox faydalanar. Övladlarınızın proqramlaşdırma bilməsi bir çox əlavə üstünlükləri olması deməkdir. Çünki, proqramlaşdırma öyrənməklə övladınız nizamlı işləməyi də öyrənəcəkdir.

Şərhlərinizi paylaşın