“Sabah edərəm”, “bu gün yox, sabah”

Oxuma müddəti: 4 dəqiqə|Tarix: 3 Mart 2019

“Sabah edərəm”, “bu gün yox, sabah” və ya “sabaha qalsın” kimi təxirə salmaların qarşını necə almaq olar?

Yəqin ki, qarşıda hər hansı bir iş olanda onu “sabah edərəm”, “bu gün yox, sabah” kimi bir çox bəhanələrlə növbəti günlərə saxlamısınız. Bu, istənilən çətin və ya asan iş ola bilər. Təxirə salmaların əsas səbəbləri odur ki, ya görüləcək işin nəticəsini tez görmək istəyirik, ya xərclərdən qaçırıq, ya da ümumiyyətlə işdən qaçırıq. Bunu risklərdən qaçmaq üçün də etmiş ola bilərsiniz. Belə hallar insanlara şüuraltı təsir edir, insanı tənbəlləşdirir, işə qarşı həvəsini və diqqətini azaldır. Aşağıdakı addımları atmaq sizə təxirə salmaların qarşısını almağa və işləri zamanında bitirməyə yardım edəcəkdir.

Görüləcək işlərin siyahısını tutun

Görüləcək işlərin sayının çoxluğu insanı çaş-baş edir, bilmirsən nədən başlayasan. Bəzən insanlar qarşılarındakı işin çoxluğundan və ya ağırlığından narahatçılıq keçirirlər. İnsanların bir çoxu qarşıdakı işlərin hansından başlamalı olduqlarına qərar verə bilmir. Bu cür çaşqınlıq heç bir işin görülməməsinə gətirib çıxardır. Belə olan halda mütləq görüləcək işlərin siyahısını tutmaq lazımdır. İşləri vaxtında həll etmək üçün müəyyən bir zaman seçin və qarşınıza məqsəd qoyun ki, həmin zaman çərçivəsində işlərinizi tam bitirəcəksiniz.

İşləri kiçik hissələrə bölün

İşləri kiçik hissələrə bölmək həm onlara daha rahat həll tapmağa, həm də rahat idarə edilməsinə yardım edir. Bu kiçik addımlar tam həll olunduqda böyük bir tapşırığınızın öhdəsindən gəlmiş olacaqsınız. Qarşınızdakı məsələləri daha asan və sadə hala gətirin.

Diqqətiniz nəticədə yox, gördüyünüz işdə olsun

İnsan gərək gördüyü cari iş barədə düşünsün. Nəticə barədə həyəcan keçirəndə iş unudulur. İşlərin müvəffəqiyyətlə sona çatdığını xəyal etdikdən sonra reallığa döndükdə təxirə salmalar psixoloji olaraq insana yaxşı təsir etmir və həvəsdən salır. Ona görə də nəticə barədə fikrə getməməyə çalışıb, bütün diqqətinizi hal-hazırda gördüyünüz işə ayırmaq lazımdır.

Mükafatlandırma

Bir insana ən yaxşı mükafat isə vərdişlərini qaydaya salmaq ola bilər. Əgər siz işi vaxtında görə bilmisinizsə özünüzü mükafatlandırın. Bu, sizi punktual olmağa həvəsləndirəcəkdir. Hər hansı bir mükafatlandırma sistemi qurmaq görəcəyiniz işi daha cazibədar, əyləncəli hala gətirəcəkdir və ən əsası isə təxirə salmalarınızın sayını azaldacaqdır.

Öhdəlik götürmək

Ya siz özünüz öz işinizdə irəli getməyi öz üzərinizə öhdəlik götürürsünüz ya da işlərinizdə sizi həvəsləndirməsi üçün sizi dəstəkləyən birindən yardım istəməlisiniz. Əgər bu gün nəsə edə bilmirsinizsə, gələcəkdə digər bir vəziyyətdə də heç bir şey əldə edə bilməyəcəksiz. Bu şüuraltı xəbərdarlıqlar sizin təxirə salmalarınızla mübarizədə böyük rol oynayır.

Düşüncə tərzini dəyiş

Başlanğıc üçün bu, sadə və ya qarışıq bir dəyişiklik ola bilər. Əgər insan dayanmadan təxirə salmalar edirsə o, ya düşüncə, ya da iş tərzini dəyişməlidir. Bu halda gərək gündəlik həyatdakı bütün nizam-intizam dəyişilsin. Bunu dayanmadan təkrarlayın. Bu, sinir sistemini başqa cür işləməyə məcbur edir və nəticə olaraq monoton rejiminizin pozulmasına gətirib çıxardır. Bəzən darıxdırıcı və monoton rejim imkan vermir ki, bu sonsuz təxirə salmaların qarşısını alasınız. Bu yolda sizin ən böyük köməkçiniz özünüzsünüz.

Şərhlərinizi paylaşın