Azərbaycanın ən çox istifadə edilən anbar, satış və kassa idarəetmə sistemlərindən biri olan Tacir.PRO artıq 15 ildən çoxdur ki, ölkənin müxtəlif bölgələrində minlərlə insanın gündəlik işinin ayrılmaz hissəsinə çevrilib. İlk dəfə 2010-cu ildə istifadəyə verilmiş Tacir.PRO bu gün satışdan tutmuş inventar uçotuna, maliyyə əməliyyatlarının idarə olunmasına qədər geniş funksionallıq təklif edir. Hazırda Tacir.PRO Bakı, Sumqayıt, Şəki, Zaqatala, Qax, Quba, Naxçıvan MR və digər regionlarda geniş şəkildə istifadə olunur.
Bu gün 500-dən çox ticarət obyekti Tacir.PRO sistemi ilə işləyir və 1500-dən çox əməkdaş gündəlik iş prosesini bu proqram vasitəsilə həyata keçirir. Başqa sözlə, Azərbaycanda 1500-dən artıq iş yeri birbaşa Tacir.PRO platformasından asılıdır.
Tacir.PRO ilə çalışan obyektlər daim yeni əməkdaşlara ehtiyac duyurlar və işə qəbul zamanı sistemi əvvəlcədən bilmək namizədlərə böyük üstünlük qazandırır. Kassa və satış operatorları, anbarçılar, kommersiya obyektlərində çalışan mühasiblər, həmçinin bu obyektlərə texniki xidmət göstərən kompüter və şəbəkə mütəxəssisləri Tacir.PRO bilikləri ilə işə müraciətdə ciddi avantaj əldə edirlər. Bu sahədə işləmək istəyən hər kəs Tacir.PRO təcrübəsini CV-sinə əlavə etməklə işə qəbul şansını xeyli artıra bilər. Mövcud obyektlərdə kadr çatışmazlığını nəzərə aldıqda, bu biliklər real və dərhal keçərli iş imkanı yaradır.
Məhz bu tələbatı nəzərə alaraq, ÖzünÖyrən platforması olaraq Tacir.PRO proqramının yaradıcısı və inkişaf etdiricisi BYTE MMC ilə əməkdaşlıq etdik. Birgə çalışaraq, onların rəsmi təlim materialları əsasında hamı üçün rahat və praktiki 4 modullu təlim proqramı hazırladıq.
Platformamızda artıq aşağıdakı kurslar mövcuddur:
- Tacir.PRO: Ümumi məlumat və quraşdırma
- Tacir.PRO: Funksionallıqlar və gündəlik əməliyyatlar
- Tacir.PRO: Məlumatların idarə edilməsi
- Tacir.PRO: İdarəetmə və sistem tənzimləmələri
Ölkəmizin rifahına töhfə vermək və regionlarda məşğulluğu dəstəkləmək məqsədilə bu kursları tamamilə pulsuz olaraq təqdim edirik. Tacir.PRO müxtəlif bölgələrdə geniş istifadə edildiyindən, bu biliklər xüsusilə region sakinləri üçün real iş imkanları yaradır.
Kursları uğurla tamamlayan iştirakçılar verifikasiya nömrəli rəsmi sertifikat əldə edəcəklər. Hər kəs bu sertifikatları CV-lərində, LinkedIn profilində və digər professional platformalarda rahatlıqla təqdim edə bilər.
